Bakı – 17 sentyabr 2020-ci il. Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 19-da Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirəcək. Beləki, sentyabrın 19-da Bakının 20 çimərliyində keçiriləcək aksiyanın əsas təşkilatçıları “Coca-Cola”, “ASAN xidmət”, PASHA Bank, Bakcell, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Carlsberg Azerbaijan” və “AzEcol” şirkətləridir. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında isə “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN Radio, AFFA, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Ölkəmizdə ətraf mühit məsələlərinə artan diqqət və marağdan dolayı hər il bu ekoloji aksiyaya böyük sayda könüllülər, qurumlar və şirkətlər qoşulmaqdadır. Bu il pandemiya ilə bağlı olaraq ölkəmizdə bir qədər fərqli formatda Beynəlxalq Sahilyanı Təmizlik Günü ekoloji aksiya ilə qeyd ediləcək. Əvvəlki illərdən fərqli olaraq sosial məsafə qaydasına riayət etmək məqsədilə bu dəfə aksiya 10 nəfərdən ibarət bir neçə qruplar tərəfindən xüsusi ayrılmış sektorlar üzrə həyata keçiriləcək.
#Xəzəriqoruyaq şüarı ilə keçiriləcək təmizlik aksiyasında hər il yüzlərlə gənclər, şirkət əməkdaşları, onların ailə üzvləri iştirakı edir. Tədbirin məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşmanı təbliğ etməkdir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunurlar.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bütün aksiya iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunacaqlar və sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunacaqdır.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 35 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər