Yanvarın 21-də Davosda, Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Carlsberg Group-un prezidenti və baş direktoru Cees’t Hartın görüşü baş tutub.
Görüş zamanı Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, vergi və gömrük gəlirlərinin şəffaflığını və hesabatlılığını artırmaqla dövlət büdcəsinin gəlirlərinin artmasına kömək etdiyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğuladı.
Carlsberg Group-un prezidenti və baş direktoru Cees’t Hart dövlət başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etdi, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğuladı. Şirkət rəhbəri, böyük bir xarici investor olaraq, Carlsberg Group-un hər zaman bu islahatları dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini bildirdi. Cees’t Hart bu imkanlardan faydalanaraq, Carlsberg Group-un Azərbaycan iqtisadiyyatına yatırımlarını artırmaq niyyətində olduğunu da qeyd etdi. Söhbət zamanı bildirildi ki, 2020-ci ildən etibarən Carlsberg Group respublikanın kənd təsərrüfatı sektoruna da investisiya qoymağı planlaşdırır və bu istiqamətdə, Azərbaycanda pivəlik arpa sortunun becərilməsi ilə bağlı pilot layihə artıq başladılıb. 2019-cu ilin noyabr ayında Carlsberg Azerbaijan şirkəti Azərşəkər şirkəti ilə birlikdə ölkənin bir neçə regionunda pivəlik arpa sortunun sınaq səpinini aparmışdır. İlk məhsul alındıqdan sonra yığılan arpa təhlil olunacaq və pivə istehsalına yararlılığı barədə qərar veriləcək.
Pilot layihə müsbət nəticələr verdiyi təqdirdə, onun 2021-ci ildə genişləndirilməsi mümkün olacaq, bu isə Carlsberg Azerbaijan şirkətinə yerli toxum hesabına pivəlik arpa sortuna olan tələbatı tam ödəməyə və bu növ xammal üzrə regional tenderlərdə iştirak etməyə imkan verəcək.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər