Şirkətin 2021-ci il üzrə nəticələri
COVID-19 pandemiyası dövründə bazar dəyişkənliyi səbəbindən satış həcminin 2021-ci ildə 2.7*% azalmasına baxmayaraq Carlsberg Azerbaijan şirkətinin vergi ödənişləri 9% artaraq 38.8 mln. manat təşkil edib.
Satış həcminin artımı müasir satış kanalı (mağaza şəbəkələri) üzrə 6.7%, “on-trade” (kafe və restoranlar) və DIOT (mağazalarda çəllək pivəsi) üzrə isə 20.5% təşkil edib. Sözügedən artım pandemiya şəraitində tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasından sonra çəllək pivəsinin satışının bərpası ilə bağlıdır. Digər tərəfdən, istehlakçıların kafe və restoranlara qayıdışı ənənəvi (kiçik mağazalar) ticarət kanalı üzrə satış həcminin 9.8% azalmasına gətirib çıxarıb.
Şirkət brendləri
Şirkətimizin əsas brendləri 2021-ci ildə satış həcmində artım nümayiş etdirib. Flaqman brend olan Xırdalan 2020-ci ildə həyata keçirilmiş redizayn və HoReCa (otel, restoran, kafelər) kanalının əhatəsinin təkmilləşdirilməsi sayəsində artım (+3%) nümayiş etdirib. Klassik pivədə daima misilsiz yenilik axtaran istehlakçılar üçün nəzərdə tutulmuş Kuler brendi isə yeni “Kuler Sweet Lime” dadının təqdim edilməsi, Abşeron çimərliklərində təşkil edilmiş aksiyalar və reklam kampaniyaları sayəsində çox yüksək nəticələr (+16%) nümayiş etdirib.
“Baltika” brendi altında “Baltika 0 Moruq”, “Baltika 0 Laym” və 2020-ci ildə təqdim edilmiş “Baltika 0 Qreypfrut” dadları ilə alkoqolsuz məhsullar xəttinin inkişafına verilən əhəmiyyət sayəsində bu kateqoriyanın şirkətin portfelində 31% artımı mümkün olub. Ölkənin iri şəhərlərində təqdim olunan, Carlsberg Group-un qlobal portfelindən premium brendlər – Danimarkanın əfsanəvi Carlsberg lageri və Fransanın aparıcı brendlərindən olan Kronenbourg 1664 Blanc satış həcmi müvafiq olaraq 57% və 49% artmışdır. Buna baxmayaraq, 2020-ci ildə şirkət brendlərinin bir hissəsi neqativ dinamika nümayiş etdirib: Əfsanə -16%, Tuborg -19%.
Xammal və materialların lokallaşdırılması
İdxaldan asılılığın azaldılması məqsədi ilə şirkətimiz pivə istehsalı sənayesində istifadə olunan xammal və materialların lokallaşdırılmasına xüsusi diqqət ayırır. 2021-ci ilin sentyabr ayında Carlsberg Azerbaijan şirkəti ilk dəfə Azərbaycan arpasından istifadə edərək Xırdalan pivəsini bişirib. Arpanın lokallaşdırılması layihəsinə 2019-cu ildə “AzərŞəkər” şirkəti ilə birgə start verilib, 2022-2023-cü illərdə isə istehsalın tamamilə yerli arpaya keçirilməsi planlaşdırılır. Bundan əlavə, 2021-ci ildə şirkət yerli istehsal olan etiketlərdən istifadə etməyə başlayıb və hazırda yerli şüşə və PET qablaşdırma istehsalçıları ilə danışıqlar aparır.
Dayanıqlı inkişaf
“Carlsberg Group”un “Birlikdə SIFIRA Doğru” uzunmüddətli dayanıqlı inkişaf proqramının həyata keçirilməsi çərçivəsində şirkətimiz son illər ərzində mühüm irəliləyişə nail olub. 2015-ci ildən indiyə kimi şirkət istehsalatda su istifadəsinin 26.7%, istilik enerjisi istifadəsinin 27,1%, CO2 tullantıların həcminin isə 16.2% azalmasını təmin edib. 2021-ci ildə şirkət tərəfindən satış nöqtələrində yerləşdirilən soyuducu avadanlıqlarının 10%-i ətraf mühit üçün təhlükəsiz xladagent vasitəsilə işləyən ekoloji cəhətdən təmiz avadanlıqlarla əvəz olunub.
2021-ci ildə Carlsberg Azerbaijan və "ASAN Könüllüləri" Təşkilatı arasında məsuliyyətli istehlak və ayıq sürücülük istiqamətində uzunmüddətli əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Bərdə və Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcə də rəqəmsal mühitdə maarifləndirmə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyyəsinin artımının monitorinqi üçün sorğular həyata keçiriləcək.
Həmçinin, şirkətimiz növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola şirkəti, ASAN Könüllüləri təşkilatı və ölkənin biznes mühitinin digər nümayəndələri ilə birgə beynəlxalq Sahilyanı Təmizlik təşəbbüsünün tərəfdaşı oldu. Aksiya çərçivəsində Abşeron çimərliklərinin 25 hektar ərazisindən 6.5 tondan çox tullantı toplanılıb.
1 yanvar 2022-ci il tarixində Alius Antulis Carlsberg Azerbaijan şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. O, bu vəzifədə 4.5 il ərzində çalışmış Vyaçeslav Maltsevi əvəz edib.
"Rəhbərlik etdiyim müddət ərzində son illərin uğurlarını möhkəmləndirmək və şirkəti daha yüksək zirvələrə qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən çox şadam ki, Azərbaycan olduqca münbit biznes mühitinə malikdir və dövlət qurumları həmişə əməkdaşlıq və dialoq üçün açıqdırlar. 2022-ci ildə məhsulun keyfiyyətinə, ölkədə brendlərin və pivə bazarının inkişaf etdirilməsinə sərmayə yatırmağa davam edəcəyik. İstehlakçıları şirkətin alkoqollu və alkoqolsuz içki portfelində maraqlı yenilikərlə sevindirəcəyimizə ümid edirik. Mən inanıram ki, 2022-ci ildə Carlsberg Azerbaijan şirkətini peşəkar komandasının nizamlı işi sayəsində şirkət ölkədə pivə sənayesi və qeyri-neft sektorunun inkişafına töhfə verəcək”,- Alius Antulis bildirib.
Korporativ Ünsiyyətlər üzrə Rəhbər